Cəmiyyətin ilk nöqtəsi İnsan,
İnsanın ilk nöqtəsi Şüurdur.
şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007), professor.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017).
Bünyadzadə Könül Yusif qızı 2 iyul (2 noyabr) 1974-cü ildə Qərbi Azərbaycan Göyçə mahalının Zod qəsəbəsində anadan olmuşdur.
Orta təhsilini Daşkəsən şəhərində A.S. Puşkin adına 2 saylı orta məktəbdə almışdır. 1997-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

İmza atılan ilklər
K.Bünyadzadə 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş və bununla Azərbaycanda ən gənc qadın müxbir üzvü olmuşdur.
Beynəlxalq Qadın Filosoflar Şəbəkəsində təmsil olunan yeganə azərbaycanlıdır.
Gəncliyin fəlsəfəsini yazan ilk Filosofdur.
Orta əsr Şərq və Qərb düşüncə tarixi əsasında ilk dəfə irrasional idrak haqqında yazan Filosofdur.
Şərqdə fəlsəfi sistem təqdim edən ilk Qadın filosofdur. Rabiə əl-Ədəviyyə, Cüneyd Bağdadi, Əbu Bəkr Şibli, Mənsur Həllac, Sərrac Tusi və başqa erkən dövr sufi mütəfəkkirlərinin görüşlərini Azərbaycanda ilk dəfə tədqiq etmişdir.
Məncur Həllacın “Təvasin” əsərini və onun haqqında toplanmış “Əxbər əl-Həllac” əsərlərinin Azərbaycan dilinə ilk tərcüməçisidir.
Azərbaycanda ilk dəfə Fəlsəfi məsləhətləşməni tətbiq etmişdir. Bu məqsədlə Bakı Amerika Mərkəzində “Özümüzlə üz-üzə” seminarını təsis etmiş və təqribən 10 il ərzində orda fərqli yaş qruplarından olan dinləyicilərlə çalışmışdır.
Elmi fəaliyyət
1997-ci ildə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda həmin İnstitutun İslam fəlsəfəsi şöbəsinin müdiri vəzifəsində çalışır. 2002-ci ildə fəlsəfə tarixi sahəsində “Sərrac Tusinin “əl-Lümə” əsərində sufi-fəlsəfi məsələlər” mövzusunda namizədlik, 2007-ci ildə “Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
K.Bünyadzadə 14 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir, o cümlədən xarici ölkələrdə onun 2 monoqrafiyası, 60-dən çox elmi əsəri çap edilmişdir.
Elmi maraqları
Könül Bünyadzadənin fəlsəfi yaradıcılığında üstünlük təşkil edən mövzu təsəvvüf fəlsəfəsinin müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılmasıdır. Orta əsrlər fəlsəfəsi adətən İslam dünyasında islam dini dünyagörüşü, Qərb fəlsəfi ədəbiyyatında isə xristian dünyagörüşü üzərində qurulmuş bir fəlsəfə kimi təqdim olunur, lakin bu iki “dünyanın” zamanın ruhuna uyğun olaraq xeyli ortaq cəhətlərə malik olduğu indiyədək az öyrənilmişdir. Bu cür yanaşdıqda, bir tərəfdən, təsəvvüf fəlsəfəsi, digər tərəfdən də, Bonaventura, Mayster Ekchart, Nikolay Kuzanski ortaq məxrəcə gətirilir.
K.Bünyadzadə elmi fəaliyyətində bir sıra yeni ideyalardan çıxış edir ki, bunlardan ən vacibi təsəvvüfdə və ümumiyyətlə İslam fəlsəfəsinə məxsus sezgi konsepsiyasını Qərb fəlsəfəsindəki irrasionalizm və intuitivizm təlimləri ilə müqayisə edərək bunların ümumi və fərqli cəhətlərini aşkar edir. Bu axtarışlarını davam etdirərək K.Bünyadzadə orta əsrlərdən müasir dövr fəlsəfəsinə keçir və Husserl fenomenologiyasını təsəvvüf fəlsəfəsi kontekstində nəzərdən keçirir. O, həmçinin Azərbaycanda ilk dəfə fəlsəfi məsləhətləşməni tətbiq etmiş və bu sahədə elmi seminarlar keçirmiş, məqalələr təqdim etmişdir.
Beynəlxalq layihələri
2016-cı ilin aprelindən 2017-ci ilin fevralına kimi TUBİTAK-ın dəstəyi ilə dəvətli professor olaraq Türkiyənin İstanbul şəhərinin 29 May Universitetində çalışmış və “Fəlsəfə tarixində ilahi və bəşəri eşq: Rabiə əl-Ədəviyyə (VIII əsr) və Edith Stein (XX əsr)” mövzusunda araşdırma aparmışdır.
2022-ci ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Beynəlxalq Liderlik Proqramı (IVLP) çərçivəsində Birləşmiş Ştatlarda qısamüddətli təcrübə keçmişdir.
Azərbaycandan kənarda o kimdir?
YUNESKO-nun sponsorluğu ilə nəşr edilən Qadın filosoflara həsr edilmiş “Who is Who?” (Kim kimdir?) toplusunda.
2014-cü ildə Parisdə dərc edilən 3 cildlik “Le Dictionnaire Universel des Femmes Créatrices” – (“Yaradıcı qadınlar ensiklopediyası”) kitablarında onun haqqında qısa bioqrafik məlumat.
2015-ci ildə Türkiyədə nəşr olunan 7 cildlik “Tanzimatdan Günümüze Türk Düşünürleri” adlı antologiyada isə “Türk dünyasının ən gənc filosofu” kimi həyat və yaradıcılığı haqqında geniş oçerk verilmişdir.
K.Bünyadzadə Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti, Nyu York Akademiyasının üzvüdür.
Elm adına…
2007-2017-ci illər ərzində “Fəlsəfə” jurnalının elmi katibi, 2018-ci ildən nəşr olunan “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının təsisçilərindən biri olmuş və iki il ərzində onun Redaksiya Heyətinin sədri kimi çalışmışdır. O, həmçinin bir sıra xarici elmi jurnalların İdarə heyətinin üzvüdür.
2012-2014-cü və 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, pedaqogika, psixologiya və sosiologiya elmləri üzrə Ekspert Şurasının sədri olmuş, 2022-ci ildən isə oranın Rəyasət Heyətinin üzvüdür.